İQTİSADİYYAT

Hit : 1098

“ABŞ valyutası dünya bazarında öz hakim mövqeyini itirə bilər” - Vüsalə Əhmədova

“ABŞ valyutası dünya bazarında öz hakim mövqeyini itirə bilər” - Vüsalə Əhmədova

12:41, 08.06.2019

“Rusiya və Çin arasındakı ticarət sövdələşmələrinin uğurla həyata keçəcəyi, digər ölkələrin də bu prosesə qatılacağı halda dolların ciddi zərər görəcəyini ehtimal etmək olar ”

 

Xəbər verildiyi kimi, Rusiya və Çin ticarətdə özlərinin milli valyutalarından istifadə etməyə hazırlaşır. Belə ki, Çinli həmkarı Şi Çinpinq ilə Moskvada bir araya gələn Putin “Rusiya və Çin milli valyutalarla ödəmə tətbiqini inkişaf etdirmək niyyətindədir. İkili ticarətdə rubl və yuan istifadəsinin genişləndirilməsi və qlobal bazardakı qeyri-sabitliyin fonunda bank sekoturnda daimiliyin təmin olunması məqsədilə hökumətlərarası razılaşma imzaladıq” -, deyə bildirib. Digər tərəfdən “Qazprom” şirkəti bu il ilk dəfə rus rublu ilə neft ixfracına başlayıb. Şirkətin rəhbəri Aleksandr Dyukovun sözlərinə görə, yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindəki bütün ölkələrə nefti rublla neft satacaqlar.

 

Maraqlıdır, belə olan halda Rusiya və Çinin, o cümlədən “Qazprom”un ticarətdə özlərinin milli valyutalarından istifadə etməsi ABŞ dolları üçün hansı problemlər yarada bilər?

 

Mövzu ilə bağlı "İslamınsəsi"-nə açılama verən iqtisadçı ekskpert Vüsalə Əhmədovanın sözlərinə görə, son dövrlərdə xarici ticarətdə dollardan və ya digər bir üçüncü sərbəst dönərli valyutadan imtina olunması və milli valyutaların daha çox işlək vəziyyətə gətirilməsi mövzularına tez-tez rast gəlinir: "İlk olaraq dollarsız ticarətin nə olduğuna açıqlıq gətirmək istərdim. Bunun üçün, razılıq əldə edəcək ölkələrin Mərkəzi Bankları milli valyutalarında bir sabitləşmə həyata keçirirlər. Yəni, iki ölkənin milli valyutalarının kursu birbaşa təyin olunur. Məsələn, 1 manat müəyyən bir miqdar rus rubluna bərabər götürülür və ixracatçı Rusiyaya satdığı malların qarşılığını rus rublu ilə almış olur. Aldığı Rusiya valyutasını Mərkəzi Bankda dəyişərək manata çevirir. Daha sonra isə Azərbaycan həmin rus valyutası ilə Rusiyadan idxal edəcəyi malların haqqını ödəyir. Beləliklə iki ölkənin xarici ticarətində dollar və ya avro kimi xarici valyutaların funksionallığı aradan qalxmış olur. Bu isə dolayısıyla, xarici ticarətdə xarici maliyyə ehtiyaclarını aradan qaldırır, idxal-ixrac həddinin daha yüksək səviyyələrə çatdırılmasını, xarici ticarətdə ödəmələrin başqa ölkə və qurumlara ehtiyac qalmadan öz Mərkəzi Bankları vasitəsilə həyata keçirilməsini, istər iqtisadi və istərsə də siyasi baxımdan ölkə adına ciddi qazanc əldə olunmasını təmin edir.

 

Bu günədək dollarsız xarici ticarətin dünyada bir sıra nümunələrini də görə bilərik. Məsələn, Çin ilə Braziliya, Türkiyə ilə Çin, Rusiya ilə İran, Hindistan və Çin arasında. Bu ildən etibarən “Qazprom” neft məhsullarını Ermənistana rublla, yaxın gələcəkdə isə Avrasiya İqtisadi Birliyinə daxil olan bütün ölkələrə yuan ilə təchiz etməyi planlaşdırır. Nəzərə alsaq ki, “Qazprom”un illik ticarət dövriyyəsi 200 milyard dollar təşkil edir, bu, ABŞ üçün kifayət qədər ciddi itki sayıla bilər. Ancaq onu da nəzərə alaq ki, dollar dünyanın ən likvid valyutasıdır, digər valyutalara keçid müəyyən çətinliklər, risklər və xərc tələb edəcək. İlk əvvəl, dünya neft bazarı ənənəvi olaraq dollar qiymətlərinə oriyentasiya olub və bazarın bütün oyunçuları tərəfindən qəbul edilib. İkincisi, rubldan fərqli olaraq dolların pul bazarında likvidliyi və etibarlılığı çox yüksəkdir. Üçüncüsü isə, alıcının rubl ilə satın alma həyata keçirə bilməsi üçün əlində müəyyən miqdar rus rublu olmalıdır. Bu isə alıcının daha öncə Rusiyaya nə isə satmasını gərəkli edir. Neft bazarında rəqabətin kifayət qədər yüksək olduğu bir şəraitdə müştəriyə müəyyən şərtlər qoymaq da çətinləşir. Böyük həcmdə neft və neft məhsullarının dollar hesablaşmalarından çıxarılması üçün, rublun konvertasiyası minimum risk daşımalı və mümkün qədər sadə olmalıdır. Bunun üçün Rusiya özünün kortirovka həyata keçirəcək və rublla qiymət müəyyən edəcək qiymət agentliyini və birjasını yaratmalıdır. Bu isə öz növbəsində rublun əldə edilməsi prosesinin sadələşməsinə kömək etmiş olacaq. Belə olan halda, rubl və yuan ilə neft və neft məhsullarının təchizat həcmi arta bilər. Bununla yanaşı, hazırda Rusiya və Çin bankları Qərb tərəfindən idarə olunan SWIFT beynəlxalq ödəmə sistemini deyil, Çinin analoji olaraq yaratdığı CIPS-dən (China International Payments System) daha tez-tez istifadə edirlər. Əlavə olaraq deyə bilərəm ki, barter sövdələşmələri də aktualdır. Yəni, dəyərinə görə ekvivalent olan malların, xidmətlərin, intellektual mülkiyyətin mübadiləsi.

 

Bu cür sövdələşmələr həm ikitərəfli, həm də çoxtərəfli olur. Barter sövdələşmələri zamanı pul və ya digər ödəniş vasitələrindən istifadə olunmur. Barter müqaviləsində eyni qiymətli qarşılıqlı göndərilən malların və xidmətlərin sayı, yaxud tərəflərin tədarükünü həyata keçirəcəyi məbləğ qeyd olunur. Rusiya və Çin arasında sözügedən ticarət sövdələşmələrinin  uğurla həyata keçəcəyi halda dolların ciddi zərər görəcəyini, digər ölkələrin də bu prosesə qatılacağı təqdirdə ABŞ valyutasının bazarda öz hakim mövqeyini itirəcəyini ehtimal etmək olar".

 

DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

bütün xəbərlər